Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

12.10.2019

Vətəndaş da fəal olsa…

İctimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Lakin cinayətə zəmin yaradacaq halların qarşısı vaxtında alınmazsa baş verə biləcəklərin sayını təsəvvür etmək elə də çətin deyil.


Cinayətlərin əksəriyyəti polis olmayan yerlərdə baş verir. Niyə? Çünki əsas vəzifəsi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq olan polis vətəndaşa təhlükədən daha yaxındır.
Baş verə biləcək cinayətlərin qarşısını almaq və ictimai fəallığı artırmaq üçün paytaxtda və bölgələrdə polisin apardığı maarifləndirmə tədbirləri də mühüm əhəmiyyət kəsb edir. Bir neçə gün öncə metroda sərnişinlərin rahatlığını, əxlaq qaydalarını pozan, təhqiramiz ifadələrə yol verən şəxs ictimai qınaq obyekti olub və onu elə vətəndaşlar polisə təslim ediblər.

“İctimai qaydaları “çeynəyən” hallara qarşı barışmaz mövqe sərgiləyən vətəndaş həm də dövlətə və dövlətçiliyə sədaqətini nümayiş etdirir”,- deyən Metropolitendə Polis Şöbəsinin rəisi, polis polkovniki Samir Hüseynov metrodan kənar yerlərdə də belə mənfi halların yaşanmaması üçün vətəndaş fəallığının artırılmasının vacibliyini önə çəkdi. O, həm də hadisə barədə bunları dedi: “Gənclik stansiyasında xidmət aparan polis baş serjantı Anar Almədətov platformda səs-küy eşidib və ora yaxınlaşıb. İki şəxs bir nəfəri vaqonda nalayiq hərəkət etdiyinə görə saxladıqlarını, digər sərnişinlərin də təpkisi ilə onu vaqondan çıxardıqlarını deyiblər. Həmin şəxs araşdırma aparılması üçün polis məntəqəsinə dəvət edilsə də qanun keşikçisinin tələblərinə məhəl qoymayıb. Lakin o, Polis Şöbəsinə gətirilib. Araşdırmalar zamanı məlum olub ki, orta dərəcəli sərxoşdur. O, metroya daxil olmaq üçün polis əməkdaşının yoxlamasından keçərkən özünü çox “ağıllı” aparıb və diqqət çəkməyib. Faiq Abbasəliyev əvvəllər cinayət məcəlləsinin müvafiq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb. Həmin şəxsin cərimələnməsi üçün tərəfimizdən müfaviq protokol tərtib olunub.”

Yeri gəlmişkən, bu bəd əməlin də böyümədən, fəsadlar törətmədən qarşısının alınması üçün yüksək vətəndaşlıq mövqeyi, hətta təhqir olunduqlarına rəğmən səbr, dözüm və təmkin nümayiş etdirən Məmmədcəfər və Ələkbər Kazımov qardaşları Metropolitendə Polis Şöbəsinə dəvət edilmiş, polis polkovniki Samir Hüseynov onlara minnətdarlığını bildirmişdir.
Bəzən ictimai təhlükəli hesab etmədiyimiz əməllərin sonunun böyük bir faciə ilə bitməsini istəmiriksə, fəallığımızı artırmalı, biganəliyə, laqeydliyə son verməliyik. Çünki hər birimizin vətəndaş mövqeyi dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsinə və Azərbaycanımızın inkişafına xidmət edir.

H.Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər