Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

08.10.2019

Cinayət cəzasız qalmır

Vətəndaşlar hər hansı bir qanun pozuntusu, cinayətlə üzləşdiyi zaman dərhal polisə üz tutur, bu qurumun əməkdaşlarından kömək gözləyirlər. Çünki bilirlər ki, polisə olunan müraciət cavabsız qalmır, istənilən hadisəyə operativ reaksiya verilir. Hər hansı bir səbəbdən “isti izlər”lə açılması mümkün olmayan cinayətlərin açılması istiqamətində müvafiq zəruri istintaq-əməliyyat tədbirlər həyata keçirilir. Xüsusən ötən illərdən bağlı qalmış hesab olunan cinayətlərin açılması daim diqqət mərkəzindədir.

Təəssüf ki, bəzi hallarda cinayət baş verdiyi anda açılmırsa, yaxud, üzərindən qısa vaxt keçirsə sosial şəbəkələrdə polis əməkdaşları barədə xoşagəlməz fikirlər paylaşılır. Amma belə halla üzləşən hər bir kəs başa düşməlidir ki, polisə cinayətin açılması üçün əsaslı dəlillər, təkzibolunmaz sübutlar toplamaq lazım gəlir.

Bir neçə gün öncə Mingəçevirdə baş vermiş bir cinayətin açılması da bu dediklərimizin bir sübutudur. Şəhər Polis Şöbəsinin və DİN Kriminalistik Təhqiqatlar İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 4 il öncə baş vermiş quldurluğun üstü açılıb və həmin əməli törədən şəxs məsuliyyətə cəlb olunub.

Belə ki, 2015-ci il mayın 31-də Mingəçevir şəhər sakini V.İbrahimovun evinə daxil olan maskalı şəxslər ona və həyat yoldaşına zor tətbiq edərək, müxtəlif xəsarətlər yetiriblər. Müraciət daxil olan kimi hadisə yerinə gələn polis əməkdaşları tərəfindən ətrafa baxış keçirilib, baş vermiş cinayətin detalları araşdırılıb, cinayətkarın müəyyən olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Lakin həmin vaxt cinayəti törədənləri yaxalamaq mümkün olmayıb. Aradan 4 il keçdikdən sonra həmin əməli törədən şəxsin Zaur Məmmədyarov olduğu müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

Bu fakt bir daha onu göstərir ki, polis bütün cinayətlərin açılması üçün hər zaman çalışır, öz xidməti borcuna daim sadiqdir. Elə bu hadisədə zərərçəkmiş V.İbrahimov bəlkə də ümidini üzmüşdü. Ancaq eşidənlərin, bilənlərin belə az qala unutduqları bu cinayət əməli polisin fədakar, yorulmaz xidməti, sayıqlığı nəticəsində açıldı.

Mahir Məsimov,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər