Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

22.12.2019

Sevilən ədəbiyyat, sevən oxucular

Elxan Elatlı sevilən və oxunan yazıçılardandır. “Yeddinci mərtəbədə qətl”, “İtmiş qızın axtarışı”, “Bakıdan gələn xəfiyyə”, “Ələkeçməz yaquar”, “Dilənçi qadının sirri”, “Cəhənnəmdən gələn səs”, “Qan ləkəsi”, “Adsız tablo” və digər əsərləri ona oxucu sevgisi qazandırıb…
Əsərlərindəki hadisələr riyazi dəqiqliklə ölçülüb-biçilib. Riyaziyyatla ədəbiyyat arasında qurduğu körpüdən keçərkən oxucuları həm də ana dilimizin ən gözəl bilicisi ilə üzləşirlər. Əgər müasir dünyanın boyuna biçilən yeni, amma milli ruha söykənən, kökə bağlı olan ədəbiyyat nümunələri yaranırsa, deməli, bu dil daha böyük xaruqələr yaratmağa bizə imkan verir. Yetər ki, istedad olsun…
Yaşadıqları, müşahidələri əsasında ədəbiyyatımızda yeni olan və qısa bir zamanda populyarlıq qazanan detektiv janrının ən gözəl nümunələrini yaradıb fikrini inamla deyə bilərik. O, vətənpərvər ziyalıdır, yazıçıdır, şairdir.
Bəli, həm də şairdir. Əgər şeiri nəsrə dəyişməsəydi, bu gün heca vəznində yazdığı fəlsəfi məzmunlu şeirləri ilə könülləri oxşayardı. Bu gün qələm adlı ilahi qüdrətə sığınıb hər bir ocaqdan səsi gələn əsərlərini yazır Elxan Elatlı.
DİN-in Polis Akademiyasında gənclərlə görüşməzdən əvvəl kitablarının yer aldığı stendə baxanda bir yazıçı kimi Azərbaycan Polisinin, həm də minlərlə oxucusunun qəlbini fəth etdiyini gözlərindən oxumaq elə də çətin deyildi…
“Polis Akademiyasında təhsil alan gənclərimizin bədii zövqünü formalaşdırmaq, ədəbiyyatımıza sevgi yaratmaq üçün dəfələrlə ədəbi-bədii tədbirlər keçirmişik. Şairlərlə, sənət adamları ilə görüşlər təşkil etmişik. Əslində, bu görüşün də təşkil edilməsi kursantların təşəbbüsü ilə oldu. Əziz kursantlar, bu gün sizlərlə görüşə sevimli yazıçınız Elxan Elatlı gəlib",- deyən polis general-mayoru Nazim Əliyevin sözləri alqışlarla qarşılandı.
Kursantlar yazıçını əməllicə təəccübləndirmişdilər. Sevilən əsərlərindən bir neçə bədii hissənin səhnələşdirilməsi, əslində, rejissorlara çağırışıydı.
Jurnalistlərdən, müsahibələrdən qaçan şəxsin kursantların əhatəsində heyranlıqla yazdıqlarına, yaşadıqlarına tamaşa etməsi onun qəlbinin dərinliklərində bu anı çoxdan gözləməsi demək idi həm də.
Elə bu fikri özü də kursantlarla bölüşdü: “Çalışıram ki, Azərbaycan Polisindəki reallıqları yazım, onun mənfi və müsbət tərəflərini göstərim. Mənfi polis obrazları yaratsam belə, maraqlı olan budur ki, məndən polis oxucularım incimirlər. Çünki yaratdığım bir mənfi obraz onlarla müsbət obrazların kölgəsində itir. Kitablarımı oxuyanlar məndə polisimizə sevgimi, sayğımı həmişə hiss ediblər. Bu gün xalqın bir nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan xalqı polisini, mərd və mübariz oğullarını sevir.
Polis Akademiyasının müəllim və komandir heyətinin üzərinə böyük məsuliyyət düşür. Onlar peşəsini, Vətənini, dövlətini, xalqını sevən, onun uğrunda canını verən oğullar yetişdirirlər. Polis hər gün cəbhədədir. Bunu tarix sübut edib. Qarabağ döyüşlərində Azərbaycan polisi böyük şücaətlər göstərib, şəhidlik zirvəsinə ucalıb, yüzlərlə igid oğlumuz şikəst və əlil olub”…
O, kursantların suallarını cavablandırdı. Yazıçıya əsərlərindəki obrazların əhatəsindi portretini çəkən kursantın rəsm əsəri hədiyyə olundu.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər