Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

18.03.2020

Ömrü yarıda qalsa da...

Geridə qoyduğumuz qış mülayim keçsə də təbiət sərt üzünü martın ilk günlərində göstərdi. Güclü külək, yağış və soyuq hava hər kəsi təntitmişdi. Piyada keçidindən istifadə etməyənləri, şütüyən maşınlardan qorxmayıb göz görə-görə həyatını təhlükəyə atanları, mənzil başına “tələsənləri” saxlayıb ömür adlı nemətin qədrini bilməyə çağırırdılar yollarda xidmət aparan həmkarlarımız.
Hava şəraitindən asılı olmayaraq hər gün xidmətdədirlər. Böyük meqapolisə çevrilən, tıxaclardan təngə gələn Bakımızda hərəkəti tənzimləmək səbr, dözümlə yanaşı, həm də əsl hünər istəyir. Yollar can almasın deyə ayıq-sayıqlıqlarını heç vaxt itirmirlər. Sənə, mənə, bizə, bir sözlə, hamımıza təhlükədən daha yaxındırlar. Bəzən “papanın ərköyün gül balaları”na, yol hərəkəti qaydalarını pozanlara, sərxoş sürücülərə də rast gələndə təmkinini pozmayıb, nəvazişlə, səmimiyyətlə vəzifə borclarını yerinə yetirirlər. Can qurtarmaq, yolda qalana kömək etmək, haraya tələsmək onların devizidir. Xidmətləri sadaladıqlarımızla bitmir. Qayda pozanlara qarşı sərt və yaxud yüngül cəza tədbiri görmək işin ikinci tərəfidir. Polis həm də müəllimdir. Maarifləndirmə işləri aparır, yollarda diqqətli olmağı öyrədir, sürücüləri “sürət məsafəni deyil, ömrü qısaldır” həqiqətini dərk etməyə səsləyirlər. Ancaq bəzən özləri də qayda pozanların qurbanına çevrilirlər. Statistika göstərir ki, onlarla polis əməkdaşı yollarda xidmət apararkən həlak olub və ya sağlamlığını itirib.
Polis baş leytenantı Böyükağa Əzizov da xidmət zamanı həlak olub. Xidmətdə olarkən, o, oğurluqda şübhəli bilinən nəqliyyat vasitəsi barədə məlumatlandırılır. Həmkarımız həmin nəqliyyat vasitəsinin sürücüsünə “saxla” əmrini verir. Sənədlərini yoxlayıb, maşına baxış keçirən zaman eyni istiqamətdə hərəkət edən və sürət həddini aşan avtomobil onu vurur. Aldığı xəsarətlərdən həyatını itirir...
Böyükağa Əzizov 25.01.1954-cü ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində doğulub. Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatının istismarı” fakültəsinin mühəndis ixtisası üzrə bitirib. 1983-cü ildə Bakı şəhər Daxili İşlər İdarəsinin Dövlət Avtomobil Müfəttişliyi Şöbəsində baş inspektor kimi xidmətə başlayıb. Sonra təyinatla Ucar RPŞ-də İnzibati-təcrübə üzrə inspektor və Sabunçu RPİ-də Axtarış üzrə baş inspektor kimi xidmət edib.
Ömrü yarımçıq qalsa da bu gün xidmət yolunu oğlu, polis serjantı Elnur Əzizov davam etdirir. O, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin əməkdaşıdır.

Ruslan Vəliyev,
polis leytenantı

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər