Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

10.05.2020

Gələcəyik, Xarıbülbül...

Hər il may ayı gələndə göynərtisi bizi göyüm-göyüm göynədir. “Azərbaycan musiqisinin beşiyi”, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbülün vətəni Şuşamızı görmək arzusu yandırır qəlbimizi.
O bizə tariximizin əmanəti, yüz illərin sevincini yaşayıb, qan-qadasını görən yaddaşımızın qalası idi. Pənahəli xanın yadigarı tarix boyunca alınmazlıq simvolu olub.
Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qalanı uzun müddət mühasirədə saxlasa da ələ keçirə bilməyib. Sanki görünməz bir qüvvə qoruyub Şuşanı. Tarixi mənbələrdə yazırlar ki, hiylə ilə, min bir fitnə-fellə Qacarın ordusu şəhərə daxil olanda hələ qorxu içindəymişlər. Onları qorxudan şuşalıların ölümdən qorxmaması və Qalanın əzəməti idi.
XX əsrdə isə alınmaz qala olan Şuşa üç dəfə ermənilərin məkrli planlarının qurbanı odlu. 1905-1907-ci illərdə yandırıldı, 1920-ci ildə onun böyük hissəsi dağıdıldı. 1992-ci ilin mayında isə...
Xocalı faciəsindən sonra dünyanın min bir nemətini yetirən təbiətin Şuşa adlı incisinin bəxti düyünə düşdü. Hər günü qovğasız ötüşməyən Şuşa sanki daş qəfəsdə qolundaki zəncirləri qırmaq üçün çırpınır, ”Məni xilas edin” deyirdi. O vaxt müdafiəsinə gələn könüllülər, Şuşada sabitliyi, əmin-amanlığı qoruyan polislər təpədən-dırnağacan silahlanmış düşməndən Şuşanı qoruya bilmədilər. Şuşa işğal olundu. Azərbaycanın şah damarını kəsdilər. Ağrılı, əzablı günlər yaşayan şuşalılar doğma yurd-yuvalarını, isti ocaqlarını tərk edib vətəndən-vətənə pənah gətirdilər.
28 ildir ki, şuşalılar Xarıbülbülün, bənövşənin, nərgizin ətrinə, İsa bulağına, Cıdır düzünün çal-çağırlı günlərinə, dağları-daşları yerindən oynadan Qarabağ şikəstəsinə həsrətdilər.
İnanırıq ki, bu gün bizimlə bərabər Şuşada şəhid olmuş oğullarımızın, Vaqifın, Natəvanın, Üzeyir bəyin ruhu narahat olsa da, çox yaxın zamanda Azərbaycan əsgəri bu narahatlığa, bu həsrətə də son qoyacaq.
Ya olum, ya ölüm, ya da ki, heç nə,
“Dur”, -deyəm gözümün yaşına bir gün.
Sancam ürəyimi bayraq yerinə,
Şuşa qalasının başına bir gün.
Bu itkinin qiymətini bilmək üçün tariximizə baxmaq kifayətdir. Biz Şuşanı yurdumuzdan yox, taleyimizdən itirmişik.


Ruhiyyə Əliyeva,
polis baş leytenantı

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər