Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

11.05.2020

“Əkinçi”nin yadigarı

Zərdabinin səbr-kasası o zaman daşmışdı ki, qeyri-millətlərin əlində qəzet, jurnal, kitab görmüşdü. Öz dilindən və dinindən olanların cəhalətdə gün keçirmələri onu yumağa döndərmişdi. Dünyasını dəyişənə kimi millətə xidmətin “Əkinçi” nümunəsi oldu Həsən bəy Zərdabi. Müəllim ömrünün neçə şam kimi əridiyini, su kimi həyat bəxş etdiyini “Oxutmuram, əl çəkin” deyənlər anlaya bilməzdi. Ölümündən sonra hərf öyrətdiyi, oxumağı, yazmağı sevdirdiyi yetirmələrinin əli çörəyə çatanda, qeyri-millətlər içində söz sahibi olanda anladılar Həsən bəyi: müəllimi-dananı.

Elmi fəaliyyətlə yanaşı, Həsən bəy səxavətli olmağı ilə də xalqın rəğbətini qazanmışdı...
Bu günlərdə polis əməkdaşları Zərdabın Qoruqbağı kəndində bir nəfərdə H.Zərdabiyə məxsus 2 ədəd mis kasanın olduğu haqda məlumat əldə ediblər. Məlum olub ki, bu kasaları böyük mütəfəkkir həmin kənddə ailə quran cavanlara bağışlayıbmış.

Onları uzun illər qoruyub-saxlayan Zərdab rayon sakini Sərəncam Hüseynova kasaların tarixindən danışarkən bildirib ki, babası həmin dövrdə Kür çayında bərəçiliklə məşğul olub. Bir gün onun bərəsinə Həsən bəy Zərdabi minib. Şirvan ərazisinə gedən yolda söhbət əsnasında Həsən bəy bərəçinin ailə vəziyyətini öyrənib. Biləndə ki, qızının toyu olacaq, “Bu da məndən qızına hədiyyə” deyərək Bağlamasından iki ədəd kasa çıxarıb ona bağışlayıb. Ötən illər ərzində evdə kasalara xüsusi diqqətlə yanaşılıb, “bəy kasası” kimi əzizlənib.
İllər keçdikdən sonra kasaları ədibin ev muzeyinə bağışlamaq qərarına gəlib. Onları yaxın qohumuna verib. Qohumu isə...

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları məsələyə biganə qalmayıblar. Polis mayoru Tumarxan Ağayev və polis baş leytenantı Murad Muradlı kasaları muzeyə təhvil verməyən şəxslə görüşüb, eksponatların tarixi dəyərini izah edib, onların muzeyə verilməsinin vacib olduğunu bildiriblər. Beləcə, “Əkinçi” yadigarı həmkarlarımızın sayəsində “həyata qaytarılıb”.

Aslan Qiyaslı,
polis baş leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər