Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

15.05.2020

Laçındır dərdimin adı

“Mübaiz keşikdə”nin ağlı-qaralı səhifələrini vərəqləyirəm. Bu qocaman qəzet 1988-ci ilə qədər və ondan sonra ölkədə baş verən siyasi çaxnaşmalara, sovet boyunduruğundan qurtulmaq üçün Azərbaycan xalqının azadlıq mücadiləsinə, eləcə də o çətin dövrdə polis əməkdaşlarının ön cəbhədə erməni qəsbkarları, arxa cəbhədə isə cinayətkarlıqla qətiyyətli mübarizəsinə də şahidlik edib.
İtirdiklərimizin, uğursuzluqlarımızın ağrısını yaşayıb, sevinci isə barmaqla sayılacaq qədər olub. İllər olub ki, onu da “sovetdən qalmadı” deyib gün işığına çıxmağa qoymayıblar. Qəzetdən, qəzetçilikdən anlayışı olmayanlar axı nə biləydilər ki, keçmiş unudulanda gələcək uzaq qaçır. Yanlışından ibrət götürmək hər kəsə nəsib olmur. Bütün dövrlərdə xalqın taleyini yaşayıb bu qəzet. Həmişə gözü yolda, qulağı səsdə olub.
Səhifələrində Xocalı, Kəlbəcər, Şuşa, Laçın...həsrətli yazıların başlıqlarını oxumaq yetər ki, orda sabaha olan ümidimizlə yanaşı, miskinimizi də görək. Düzü, bəzi yazılarda Vətən dərdinə köklənməyənləri, sözlə dil tapa bilməyənləri də gördüm. Olur belə şeylər. Hər qələmi olanın ürəyi olmaz ki...
Bu misraları yazarkən indi elə bir ovqatdayam ki, onu sözlə ifadə etmək gücündə deyiləm. Xəyanətlər bizi həmişə arzuladığımız qələbədən uzaqlaşdırıb. Milli təəssübkeşliyi olmayanlara meydan veriləndə millətin aqibəti sual altında qalıb, torpağın taleyi düyünə düşüb.
Laçınsızlıqdır yenə dərdimin adı...
Sözün ağzını kəsədən salmaq istəyirəm. Düz 28 ildir ki, Şuşanın işğalından sonra cəmi doqquz gün nəfəsimizlə isinən, onuncu gün isə düşmənə əsir düşən, yağmalanan Laçınımıza həsrətik. Bu 28 ildə sırası seyrəldi laçınlıların. Bu 28 ildə laçınsız laçınlılar dünyaya gəldi. Bu 28 ildə o qədər günaha batdıq ki, İlahi...
“Mən öləndə gözümə Laçın torpağı tökərsiniz”,- deyib dünyadan köçən nənələrimizin, babalarımızın gözlərinə Bakı, Şəki, Saatlı, Sabirabad, Mingəçevir torpağı tökdük. Söz yox, o da Vətən torpağıdı. Amma...
Yarasını duz kimi yalayan torpağın dərdini yazıya almaq çox çətindir. Bilirəm ki, indi əzrayıldan möhlət gözləyib Vətənə dönəcəyi günləri təsbeh kimi sanıyanlar yurda dönəndə, elə Laçın dəhlizindəcə güllələnmiş əzizlərinin ruhunu dizlərinin üstünə alıb hönkürəcək, torpağı qucaqlayıb duz kimi yalayacaqlar. Görəsən Bakıda doğulanları Laçın illər sonra özünə çəkə biləcəkmi? Bəzi ağzıgöyçəklər deyirlər ki, çoxu unudub o torpaqları. Unutmuşuqmu? Unudubsanmı? Unutmuşammı? Yox, əsla, yox. Gedəcəyik! Dönəcəyik!
Əgər bu gün dünyaya gələn övladına doğulduğu yurdun adını qoyan, balasını hər Laçın çağıranda dodağı yeddi yerdən çatlayan oğullar varsa, Laçın da var, Şuşa da, Kəlbəcər də, Qubadlı da, Cəbrayıl da... Bütöv Azərbaycan da...
Yolların kənarına vurulmuş lövhələrə baxmaqdan, kilometrləri xəyalən aşıb o yerləri dolanmaqdan, yuxularda Vətən deməkdən ağır dərd yoxdur dünyada...

Əs Şuşadan Xan avazı,
Suyu yansın xan Arazın,
Durnatelli xan Eyvazın
Həsrətindən xəstə Nigar
Bəstənigar.

Çin çıxmayan Laçın yuxum,
Xarı bülbül qara qoxum,
Görüş yeri varım, yoxum
Yaman durub qəsdə nigar
Bəstənigar.

Bu mahnını Məhəbbətdən sonra neçə məhəbbətlər oxuyacaq. Ağa Laçınlının laçın şeirləri ürəyimizin quşqonmaz zirvələrinə qonacaq. Laçın dağlarından Xanın səsi, avazı Şuşa dağlarına çatacaq. Qarabağda dalğalanacaq üçrəngli bayrağa İrəvandan, Təbrizdən, Dərbənddən, Borçalıdan əsən yellər salam göndərəcək. Şuşanın işğalından sonra Laçın ağrısını da bizə yaşadan düşmənə məğlubiyyət acısını yaşatmaqdan başqa yolumuz yoxdur.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər