Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

22.06.2020

Sayıq xidmət, etibarlı mühafizə

İyun ayının 17-də metronun Koroğlu stansiyasında yaxınlığındakı körpüdə xidmət apararkən yaralı şəxsi xəstəxanaya çatdıran polis serjantı Ayxan Əlizadə, elə həmin gün rayon ərazisində bışaq yarası alan daha bir nəfərə köməklik göstərərək həyatını xilas edən polis serjantları Məhəmməd Əsgərov, Ruslan Mahmarzayev, axşam saatlarında bir qadına qarşı zor tətbiq edərək əl çantasını almaq istəyən şəxsi zərərsizləşdirərək aidiyyatı üzrə təhvil verən tağım komandiri, polis kapitanı Akif Yadigarov, polis serjantı Əziz Qurbanov DİN BMİ Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşlarıdırlar. Bu siyahını uzatmaq olar…
Etibar olunanı göz bəbəyi kimi qoruyur, mühafizə etmək anlayışına əməli işləri ilə elə rəng qatırlar ki, mühafizə deyiləndə də ilk yada düşən onlar olur. Görülən işlərin, aparılan təbliğatın nəticəsidir ki, vətəndaş evini, əmlakını qorumaq üçün yollar aramır və ilk üz tutduğu ünvan polis olur. O, bilir ki, etimadı doğrultmaq prinsipi ilə xidmət aparan həmkarlarımız etibarlı da mühafizə edəcəklər.

“Bu gün Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşlarının cinayətkarlıqla qətiyyətli mübarizəsi də ötən illər ərzində qazanılmış təcrübənin nəticəsidir. Həvalə edilmiş vəzifənin təkcə mühafizə etməklə məhdudlaşmadığını onlar yaxşı bilirlər. Sıramıza qəbul edilən gənc əməkdaşlara vətəndaş-polis münasibətlərində etik-davranış qaydalarına uyğun şəkildə davranmaları tövsiyə olunur. Çünki vətəndaşın polisə, asayiş keşikçisinə rəğbəti də, səmimi münasibəti də xoş ünsiyyətdən sonra formalaşır. Məhz bununçün də xidmətimiz vətəndaş məmunluğuna söykənir”,- deyən İdarə rəisi, polis polkovniki Elşən Camalov bildirdi ki, Nizami paytaxtın ən böyük rayonlarından biridir və mühafizənin təşkili işi təbii ki, xüsusi önəm kəsb edir. Son zamanlar burada mühüm sosial, strateji obyektlər, çoxlu sayda fərdi yaşayış evləri, mənzillər mühafizəyə cəlb olunub. Dövlət və özəl mülkiyyətə məxsus obyektlərin etibarlı mühafizəsi təmin edilir, xidməti post və marşrutlarda cinayətkarlığa, ictimai qaydanı pozanlara qarşı ciddi mübarizə aparılır. Oğurluqların qarşısının alınmasında mühüm amillərdən olan mühafizə-siqnal qurğularının tətbiqi sahəsində ərazi polis orqanları ilə əlaqəli fəaliyyət genişləndirilib ki, bu da nəticədə obyektlərin, o cümlədən mənzillərin mühafizəsində ortaya çıxan problemləri vaxtında aradan qaldırılmasında, cinayət etmiş şəxslərin tutulmasında xüsusi effekt verir.
Keçən dövr ərzində İdarə tərəfindən hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, bütövlükdə ictimai asayişin təmini üzrə qanunla müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilir.
İdarə tərəfindən 408 obyekt və 413 mənzil mühafizəyə cəlb olunub. Müvafiq dövr ərzində əməkdaşlar post və marşrutlarda ictimai qaydanı pozanlara və cinayətkarlığa qarşı mübarizənin aparılmasını diqqət mərkəzində saxlamış, mühafizə olunan obyektlərdən 15 oğurluq faktının qarşısını alarkən 4, axtarışda olan 1, digər cinayət törətdiklərinə görə 3, ictimai qaydanı pozan 19 nəfər saxlanılaraq ərazi polis orqanlarına təhvil verilmişdir. Narkotiklə əlaqəli iki faktın üstü də onlar tərəfindən açılmışdır.
Kadr məsələsinə gəlincə, İdarə rəisi bildirdi ki, xidmətə namizədlər seçilərkən onların mənəvi-psixoloji keyfiyyətlərinə, fiziki hazırlığına xüsusi diqqət yetirilir. Əməkdaşların DİN-in orqan və hissələri, həmçinin hüquq mühafizə orqanları arasında təşkil edilən idman yarışlarında şəxsi və komanda üzrə fərqlənməsi ondan xəbər verir ki, xidmətin təşklində fiziki hazırlığa xüsusi önəm verilir.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər