Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

27.06.2020

Sədaqətlə xidmət edirlər

“Etdiyin yaxşılıqlar kitab kimidir, vədəsi yetişəndə oxunacaq”,-deyib atalarımız. Yaşadığımız bu çətin, həssas günlərdə Azərbaycan Polisinin fədakar xidməti də hələ uzun illər yaddaşlarda qalacaq, cild-cild kitablara çevrilib sevilə-sevilə oxunacaq. Çünki öz həyatını riskə atıb həyat qurtarmaq əsl qəhrəmanlıqdır. Polis keşiyində mətin dayanır, ona olan inam və etibarın sarsılmaması üçün səylə çalışır. Xalqın güvənc yeri olan daxili işlər orqanları bu inam və etibarı 100 ildən çox xidməti fəaliyyəti dövründə qanı, zəhməti, alın təri hesabına qazanıb. Bu gün də o, yardıma, köməyi ehtiyacı olan insanların imdadına yetişərək içdiyi anda və adına sadiqliyini nümayiş etdirir...

Bizə ünvanlanan məktublarda “polis məni ölümdən xilas etdi”, “polis məni vaxtında xəstəxanaya çatdırdı” kimi cümlələri oxuduqca ürəyimizdən keçən ilk fikir bu olub: “Bu polisin vəzifəsi, həm də vətəndaşlıq borcudur. O, vətəndaşa təhlükədən daha yaxın olmalıdır...”
Bu günlərdə başıma gələn hadisədən sonra polisin xilaskar olduğuna şübhəm qalmadı.
İsti havada çox gəzdiyim üçün halsızlaşmışdım. Sabir parkında kölgəli bir yer tapıb skamyada oturdum. Hardan gördülər, necə hiss etdilər onu bilmədim. Xidmətdə olan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları mənə yaxınlaşdılar. Sizə necə kömək edək deyəndə gülümsədim. “Yaxındamı olursunuz, yemək yemisinizmi, “şəkəriniz” yoxdur ki, ürəyinizdən şikayətiniz və s. Bütün bu suallar ilkin tibbi yardım göstərmək üçün verilirdi.” Mənə su içirdilər. Yavaş-yavaş özümə gəldim. Göstərdikləri qayğıya görə təşəkkürümü bildirdim. İstidə, günün altında səhərdən axşama kimi ayaqüstündə xidmət etməyin çətin olub-olmadığı barədə sualıma cavabları belə oldu: “Çətin olsa da şərəflidir. Vətənin, vətəndaşların təhlükəsizliyinin keşiyində durmaq həm görəvimiz, həm də insanlıq borcudur. Və bu bizim peşə olaraq öz seçimimizdir. Vətəndaşlarımızın məmnunluğu elə bizim də sevincimizdir.” Qadın əməkdaşın fikriləri isə diqqətimi daha çox cəlb etdi. “Çoxları bu peşənin kişiyə məxsus olduğunu düşünür. Amma unudurlar ki, kişilərlə çiyin-çiyinə düşmənlərə qarşı mübarizə aparan Azərbaycan qadınları olub. Qarabağ döyüşlərində də silaha sarılıb düşmənlə savaşan, şəhid olan cəsur xanımların adı qəhrəmanlıq tariximizdə əbədi qalacaq”.
Düzü, qadın həmkarımız çox mətləblərə toxundu, tarixdən misallar, faktlar gətirdi. Mən də “ən uzun yaddaşdan qısa bir qeyd yaxşıdı”,-deyib onun söylədiklərini diktafonun yaddaşına köçürdüm.
Söhbətimiz o qədər səmimi və şirin alınmışdı ki, adlarını soruşmağı belə unutmuşdum. Sağollaşanda özümü təqdim etdim. Polis serjantı Abbas Vəliyev, polis kiçik serjantı Nigar Zeynallı, müddətdən artıq xidmət edən hərbi qulluqçular çavuş Orxan Mirzəyev və əsgər Nurlan İsmayılov gülümsəyib “onda “Mübariz keşikdə”nin növbəti sayını daha çox səbrsizliklə gözləyəcəyik”,-dedilər.

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər