Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

30.06.2020

Həm sevindik, həm də qürurlandıq...

Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparanları, xalqımızın azadlığını hər şeydən uca tutanları, bu yolda həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucalanları anmağa həmişə borcluyuq.
Bu gün – Azərbaycan Polisinin yaranması günü münasibətilə bizi Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin ailə üzvlərinin, valideynlərinin təbrik etməsi həm qürurverici, həm də sevindiricidir.

Bu ötən illər ərzində daxili işlər orqanlarının əməkdaşları da onları gözdən uzaq, könüldən qıraq qoymadılar. Ziyarətlərinə gedib ağrılarına, acılarına şərik oldular. Bizə düşmənin qanlı caynağından əsir olan torpağın azad olunduqdan sonra necə sevindiyini, rahat nəfəs aldığını göstərən, sonuncu ümidimizi ölməyə qoymayan, bir millət kimi toparlansaq nəinki Qarabağı, 80 faizini itirdiyimiz Vətən torpaqlarını birləşdirməyə gücümüz çatacağına inandırıb şəhidlik zirvəsinə ucalan, əlil olan oğullarımızın yadigarlarının təbriklərini də “Mübariz keşikdə”nin bayram nömrəsində dərc etməyi özümüzə borc bildik.

Şəhid Müşfiq Orucovun atası Arif Orucov: “Bu gün 102 yaşını qeyd edən Azərbaycan Polisini təbrik edirəm. Xalqa və dövlətə xidməti ilə qürur duyan asayiş keşikçiləri də, sözün əsl mənasında arxa cəbhədə döyüşürlər. Pandemiyadan əvvəl dəfələrlə şahidi olmuşam: Polislər məktəblərə gedib şagirdlərlə görüşüb, marrifləndirici söhbətlər aparıblar. Bu günümüzü, sabahımızı təhdid edən bəlalarla mübarizə aparan oğullarımıza hər birimiz dəstək olmalıyıq. Onların hər anı ölüm deməkdir. Hər bir polis əməkdaşı həm də bir əsgərdir. Unutmayaq ki, müharibə hələ bitməyib. Mən bir şəhid atası kimi Vətənimizin şanlı polisini təbrik edir, hörmətli nazirimiz, general-polkovnik cənab Vilayət Eyvazov Vətən görəvində uğurlar arzulayırıq.
Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı: “2018-ci ildə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və Binəqədi Polis İdarəsinin əməkdaşları bizi ziyarətə gəlmişdilər. Onlarla söhbət zamanı ürəyim dağa döndü. Elə bildim ki, Fəxrəddinim sağdı. Polisin sıralarında Vətənimizin mərd, mübariz oğulları xidmət edir. Əksəriyyəti döyüş yolu keçib. Şəhid atası kimi mən Polisimizlə fəxr edir, bu əlamətdar gün münasibətilə hər birinə təbriklərimi çatdırıram.
Şəhid Emin Bağırovun atası İmran Bağırov: “Azərbaycan Polisinin şanlı tarixi var. Elə torpaqlarımız uğrunda da əlinə silah götürüb döyüşlərə, atılan əlil və şəhid olan da polis olub. Bu gün də onların sayəsində ölkəmizdə əmin-amanlıq var sabitlik hökm sürür. Bütün şəhid valideynləri adından Azərbaycan Polisini yaranmasının 102-ci ildönümü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik arzulayıram”...
Ruhiyyə Əliyeva,
polis baş leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər