Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

15.07.2020

Döyüş gedən bölgədə polisin fəaliyyəti

İyulun 12-də düşmənin ağır texnikadan və artilleriyadan atəş açaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirtməyə cəhd göstərməsinin qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı.
Həyata keçirilən əks-həmlələrlə düşmən Aprel döyüşlərində ona sarsıdıcı zərbələr vuran Azərbaycan əsgərinin gücünü bir daha gördü. Düşmənin canlı qüvvəsinin, texnikasının məhv edilməsi kadrları hər birimizdə qürur hissi yaratdı. Cənab Prezidentin də dediyi kimi hərbçilərimizin qisası alındı, düşmən yerinə oturduldu.

Düşmənin cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atması gözləniləndir. Və hər an genişmiqyaslı müharibə başlaya bilər.
Ancaq bu gün Ermənistanın müharibə aparmaq, Azərbaycanın qarşısında dayanmaq, dirəniş göstərmək gücü yoxdur. İqtisadiyyatı çökmüş, insanları ümidsizliyə qapılmış, beynəlxalaq arenada artıq təcavüzkar ölkə kimi tanınmış Ermənistandakı durum çox acınacaqlıdır. Yəqin ki, yaxın zamanda düşmən ölkədə siyasi xaosun da şahidi olacağıq...

Belə bir həssas dönəmdə polisin fəaliyyəti də diqqət çəkdi. Azərbaycan Polisinin bəlli döyüş təcrübəsi var. Ordumuzun formalaşmadığı dönəmlərdə torpaqlarımızın, ərazi bütövlüyümüzün qorunmasında polis əlinə silah alıb döyüşdü, sırasından yüzlərlə şəhid verdi...
Müharibə gedən bölgədə polisin üzərinə daha böyük məsuliyyət düşür. Biz bunun Aprel döyüşləri zamanı bir daha şahidi olduq. Əsgərinə kömək üçün minlərlə insanın təmas xəttinə toplaşması, bəzi qrupların hətta aksiyalar təşkil ertməsi, müəyyən çətinliklər yaradırdı. Ancaq insanların Vətənpərvərlik coşqusunu, torpaqlarımızı azad etmək üçün düşməndən qisas almaq istəyini, belə deyək, polis idarə edə bildi. Ani bir diqqətsizlik böyük fəsadlara yol aça, mülki əhalinin zərər görməsi qarşıya qoyulan hədəflərə çatmağa əngəl ola bilərdi. Odur ki, kifayət qədər təcrübəli həmkarlarımızın idarəetmə bacarığı, psixoloji təsir gücü əlavə problemlərin yaranmasının qarşısını aldı. Aprel döyüşlərindən sonra cəbhəyanı ərazilərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə əlavə polis məntəqələrinin yaradılması həm də polisə olan inamın göstəricisi idi. Vətəndaşlarımızın da dediyi kimi polisin peşəkarlığı, qətiyyəti, baş verən hadisəyə anındaca reaksiya verməsi ordumuzun cəbhədə uğur qazanmasının əsas şərtlərindəndir.

Aprel döyüşlərindən sonra xidməti ezamiyyətdə olarkən cəbhənin Goranboy və Füzuli istiqamətlərində yaradılmış polis məntəqələrində xidmət aparan həmkarlarımızla söhbət zamanı onların Vətənpərvərliyi ilə yanaşı, ayıq-sayıqlığının da şahidi oldum.
Füzuli RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədovun “Müharibə gedən bölgədə polis fəaliyyətini necə qurur?” sualımıza cavabı belə oldu: “Polisin ən birinci işi insanları panikaya düşməkdən qorumaq, dezinformasiyaların qarşısını almaqdan ibarətdir. Asayişin qorunmasında ayıq-sayıqlıq birə-beş artırılmalıdır. Hər hansı bir təhlükənin qarşısı anındaca alınmalıdır. Bir sözlə, polis döyüşən əsgər, sərhədi qoruyan sərhədçi olmalıdır...”
Tovuzda da eyni hadisələrin şahidi olduq. Tovuzla əlaqə saxladıqda məlum oldu ki, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov Ağdam kəndindədir. Hadisə yerindən çəkilmiş kadrlarda da polisin həssas davranşı diqqət çəkirdi. Əməkdaşlar əraziyə axın edən vətəndaşlarımızı döyüş gedən bölgədən uzaqlaşdırmaq üçün danışıqlar aparır, təhlükəsizlik qaydalarına əməl etmələrini onların diqqətinə çatdırırdılar. Əlbəttə ki, müharibə gedən bölgədə polisin fəaliyyəti sadaladıqlarımızla bitmir. O, bütün güc strukturları ilə birgə fəaliyyət göstərir, hətta onları koordinasiya edir.
Bir daha şahidi olduq ki, güclü lider, güclü iqtisadiyyat, sabitlik cəbhədə qazanılan qələbələrin qarantıdır. Arxa cəbhəsinə arxayın olmayan əsgər döyüşüb düşmənə qalib gələ bilməz. Yeri gəlmişkən, polis də hər gün ön cəbhədədir. O da vuruşur və mübarizə aparır.

P.S. Vətənpərvərliklə bağlı yazılarımızın sonunda özümüzə təsəlli üçün qələbə çox yaxındadır yazırdıq. Deyəsən, arzumuz çin olur. Qələbəyə gedən yol əsgərinə, polisinə qucaq açan, onu tək qoymayan Ali Baş Komandanının qətiyyətindən, xalqının inamından və inadından keçir.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər