Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

16.07.2020

Adı da loğmandır, özü də

Bunu bir daha dəqiqləşdirdim: həkimlə həmsöhbət olanda sözün əvvəli də, sonu da sağlamlıq olur. Bir az obrazlı desəm, həkim adı ağrını özünə çəkir elə bil. Qısası, dərdin dilini həkimlər daha yaxşı bilirlər. Bu, bəlkə də psixoloji amillərlə bağlıdır; ağ xalatlı görəndə insanın ağrısı yadına düşür.
İllər öncə eşitdiyimiz “Filankəsin oğlu, qızı həkimdir, get bir dərdinə çarə qılsın” fikri indi zamanla “ayaqlaşmır”. “Niyə”sini yazını səbrlə oxusanız biləcəksiniz...
Adı tale yoluna təsirsiz ötüşməyib. Yeri gəlmişkən, qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maraqlanıblar. Romalılar "nomen est omen" yəni "adımız taleyimizdir" deyəcək qədər qəti bir inanca sahib idilər. Peyğəmbərimiz buyurub ki, "qiyamət günü adınız və atalarınızın adı ilə çağırılacaqsınız. Elə isə özünüzə gözəl adlar seçin". Qurani-Kərimdə “Loğman” surəsi və s...
Onu bu gün sıralarımızda xidmət edən orta və gənc nəslin nümayəndələri, elə veteranlarımız da yaxşı tanıyırlar. 50 yaşının tamamında, özü də Azərbaycan Polisinin peşə bayramında onunla görüşəndə kövrək adamlar haqqında gəldiyim qənaətdə yanıldığımı hiss etdim. Sən demə, əslində, kövrək adamlar zamanın sınaqlarından, kiminsə köntöy baxışından, tənəli sözündən tez sınmırlar, əzilmirlər, əksinə, onlar daha mübariz olurlar. Hər çətinə dirəniş göstərib, özləri görməsə də özlərindən sonra gələnlərin sonunun yaxşı olması uğrunda ömürlərini belə qurban verirlər.
O, mənə möcüzə adam təsiri bağışladı: Adın Loğman qoyula və həkim olasan. İki iyulda doğulasan, polisin sırasında olasan...
Səbrinizi sınağa çəkmədimsə, davam edək. Atası həkim olmağını arzulayıb, o isə müstəntiq olmaq istəyirmiş. Bununçün də bütün günü “əli kitabların yaxasındaymış”. İllər ötür və ad öz təsirini göstərməyə başlayır. Atası onu 1985-ci ildə Bakıya gətirir və Kimya-bilogiya təmayüllü məktəbə qoyur. Əla qiymətlərlə 1987-ci ildə məktəbi bitirib Azərbaycan Tibb İnstitutuna daxil olur.

Adının möcüzəsi yenə də köməyinə çatır DİN Tibb İdarəsinin Xüsusi şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Loğman Zeynalovun.
“1993-cü ildə internaturanı bitirdikdən sonra iş axtarmağa başladım. İçimdəki paqon sevdası məni rahat buraxmırdı. 1996-cı ildə DİN-in Tibb İdarəsinin 2 nömrəli poliklinikasında mülki həkim kimi xidmətə başladım. Polis mundiri geyinməsəm də arzuma çatmışdım. Hər gün bu müqəddəs mundiri geyinəcəyim günü xəyalını edirdim. Bütün gücümlə çalışırdım. Mənim sənədlərlə işləmək bacarığım və məsuliyyətli olmağım bu gün hər birimizin yaxşı tanıdığı, DİN Tibb İdarəsinin keçmiş rəisi, tibb xidməti polkovniki Bəhruz Səfərəliyevin diqqətini çəkdi. Artıq illərdir ki, burda çalışıram”...
Gəncliyində olduğu kimi, elə bu gün də doğulduğu Biləsuvarın Xırmandalı kəndinə gedəndə qonum-qonşular, kənd camaatı həmkarımızın “Uşaq həkimi” olmağını unudurlar.
Elə söhbət əsnasında “Böyüklərin ağrısının dili var, bəs uşaqların ağrısının dilini necə tapırsınız?” sualıma cavabı belə oldu: təcrübə...
50-dən geri boylananda qanlı-qadalı müharibə illəri və Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşmüş qardaşı Niyaməddinin sonuncu dəfə gördüyü gülərüz siması gözləri önünə gəlir. Hələ də atasının, anasının və qardaş bacılarının gözləri yolda, qulağı səsdədir. Onun soraği ilə yaşayırlar. İllər keçsə də ümidləri ölməyib.
Ömür-gün yoldaşı da ağ xalatlı xilaskardır. Həkimlər ailəsində iki övlad böyüyür: Tuncay və Merac. Görəsən onların da adı talelərinə işıq salıb gələcək peşə seçimlərində öz möcüzəsini göstərəcəkmi? Bunu, əlbəttə ki, həyat göstərəcək...
Yazının əvvəlində dediyim “Filankəsin oğlu, qızı həkimdir, get bir dərdinə çarə qılsın” fikrinin zamanla “ayaqlaş”mamasına gəlincə, müşahidələrimizə əsaslanıb deyə bilərik ki, ötən illərlə müqayisədə son illər həkimlərimiz seçdikləri sahə üzrə ixtisaslaşırlar. Və bu da nəticə etibarilə tibbin inkişafına təkan verir.
Yüzün yarısı əllidir və həmkarımıza hələ bundan 50 il sonra da yaşamaq arzusu ilə...

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər