Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

08.08.2020

Vətəndaş əmindir ki...

“Cinayətkarlıqla qətiyyətli mübarizə aparmaq, sabitliyi qorumaq, vətəndaşın xidmətində durmaq qanun qoruyucuları olaraq vəzifə borcumuzdur. Bu vəzifələri layiqincə yerinə yetirməkdən ötrü daima üzərimizdə çalışır, peşə vərdişlərini təkmilləşdiririk. Günün istənilən vaxtında vətəndaş üzləşdiyi problemin həlli üçün müraciət edirsə, o cavabsız qalmır, tezliklə həllini tapır. Hətta polisə aidiyyatı olmayan məsələlərdə də polis köməyini əsirgəmir. Sevgini, sayğını biz belə qazanırır”...
Bu fikirlər DİN-ə ünvanlanan təşəkkür məktublarındandır. Demək, vətəndaş görür və qiymətləndirir.
Ən böyük qazancımız isə vətəndaşların özlərini güvəndə hiss etməsidir.
Məhz buna görə də ünvanımıza söylənən xoş sözlər, yazılan təşəkkür məktubları ruh yüksəkliyimizi artırır, gücümüzə güc qatır. Güvənc yerinə çevrilməyimiz elə də asan başa gəlməyib. Səngərlərdə sıralarımızdan şəhidlər verərək, yollarda çarəsiz qalanların köməyinə çataraq, yanğınlarda həyatımızı riskə atıb həyat qurtararaq qazanmışıq bu adı, bu nüfuzu...
Təriflər bizi yolumuzdan heç zaman sapdırmadı, əksinə işimizdə yeniliklər edərək haqq ədalətin yerini tapması üçün var gücümüzlə mücadilə verdik, veririk də. Bütün görülən işlər isə yalnız bir məqsədə-vətəndaş məmnunluğuna, onların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir...
Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Fəxrəddin Əhədovun redaksiyamıza ünvanladığı təşəkkür məktubunda yazdıqları görülən işə, çəkilən zəhmətə verilən qiymətin bariz nümunəsidir.
“Adətən gecə vaxtı qapı döyüləndə təşvişə düşürük. İlk ağlımıza “görəsən nə olub, bu vaxt kim olar” kimi suallar gəlir. Gələnin kim olduğunu, nə istədiyini bilənə qədər həyəcan bizi yeyib-bitirir. Bir anlıq təsəvvür edin: Küçədən əl-ayaq tamam çəkilib. Hər tərəf zülmətə qərq olub. Allah göstərməsin, başına bir iş gəlsə nə haraynı eşidən olacaq, nə də dadına yetişəcək kimsəni tapacaqsan.
Bu günlərdə gecə saat 03:00 radələrində üç maskalı şəxs qarət məqsədilə pəncərədən evimizə daxil oldu. Nə edəcəyimizi bilmədik. Qorxudan donub yerimizdə qalmışdıq. Bizi əllərindəki soyuq silah və küt alətlərlə hədələyərək qızılların və pulların yerini soruşdular. “Qara gün”ümüz üçün topladığımız 1500 manatı, mobil telefonu götürüb mənə və həyat yoldaşıma xəsarət yetirərək qaçdılar...
İlk dəfə idi ki, belə bir hadisə ilə rastlaşırdıq. Dərin sarsıntı keçirmişdik. Onlar getdikdən sonra birtəhər özümüzə gəlib “102”yə zəng vurduq...
Asayiş keşikçiləri yüksək peşəkarlıq nümayiş etdirərək qısa zaman kəsiyində cinayətkarları yaxalayıb qanuna təslim etdilər. Yeri gəlmişkən, bizə dəymiş maddi ziyan da ödənildi”.


Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər