Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

21.08.2020

Polis zamanın qəhrəmanı olmağı bacardı

Pandemiya polisin xidmətinin çətinliyini bir daha gözlər önünə sərmiş oldu. Günümüzün qəhrəmanlarını tanımaq üçün çevrəmizə baxmaq kifayətdir.
Dünyanı cənginə alan koronavirus təhlükəsi minlərlə insanın həyatına son qoyur. Ölkələr iqtisadi böhranla üzləşirlər. Hər kəsi bir sual düşündürür: “Pandemiya nə vaxt bitəcək?”... Ümumdünya Səhiyyə Təşkilatı isə bu bəlanın hələ uzun illər bizimlə bir yerdə olacağını deyir. Proqnozlar elə də ürəkaçan deyil...

Bu gün respublikamızda bütün imkanlar səfərbər olunur ki, insanlar az zərər görsünlər. Belə bir şəraitdə həkimlərlə yanaşı, həyatı təhlükəsi daha artıq olan peşə sahiblərindən biri də polislərimizdir.
Onlar da koronavirusla mübarizədə ön cəbhədə fədakarlıq nümayiş etdirirlər. Asayiş keşikçilərinin çətin vəziyyətdə olanların köməyinə çatması, onlara yardım əli uzatması, humanist davranışları alqışa layiqdir və xalqını, dövlətini sevən hər kəsdə qürur hissi oyadır. Təəssüflər olsun ki, bəzən sosial şəbəkələrdə polisin nüfuzuna, işgüzar fəaliyyətinə kölgə salmaq istəyənlərin də şahidi oluruq. Unutmayaq ki, koronavirusla bağlı tətbiq olunmuş qaydalar təkcə dövlət orqanlarını deyil, bütün cəmiyyət qarşısında məsuliyyət qoyur. Vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə bəzi məhdudiyyətlərin olduğu bir şəraitdə qaydalara əməl olunması istiqamətində polis xidməti borcunu ləyaqətlə yerinə yetirir. Qanunla müəyyən edilmiş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlarını atır.

Belə həssas bir dönəmdə hər hansı anlaşılmazlığı əldə bayraq tutub polis qarşı aparılan “qara piar” kampaniyası yolverilməzdir. Görəsən, qara yaxanlar, çamur atanlar Azərbaycan Polisinin qəhrəmanlıqlarını niyə unudullar?
İctimai asayişin, qanunçuluğun və hüquq qaydalarının, eləcə də vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması ölkəmizin ötən müddət ərzində qazandığı ən mühüm nailiyyələr sırasındadır.

Yeri gəlmişkən, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının onlarla əməkdaşı və hərbi qulluqçusu həlak olub, xəsarət alıb. 2015-ci ildə paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın zamanı özünü oda atıb həyat qurtaran, suda boğulan vətəndaşı xilas edərkən özü boğulan və bu kimi onlarla hadisənin qəhrəmanı Azərbaycan Polisi deyilmi?
Günümüzün mənzərəsi də, qəhrəmanları da göz önündədir. Yetər ki, əlimizi ürəyimizin üstünə qoyub ədalət naminə haqqı görən xoşbəxtlərdən olaq...
Səbinə Hüseynzadə,
Gənclər İnkişaf və Karyera Mərkəzinin əməkdaşı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər