Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

22.08.2020

Yazılan söz yadigardır

“Mübariz keşikdə” qəzetinin əlavəsi olaraq, DİN rəhbərliyinin xeyir-duası ilə ərsəyə gətirdiyimiz “Asayişin keşiyində” jurnalının 11-ci sayı da işıq üzü gördü. Pandemiya yaradıcı fəaliyyətimizdə durğunluğa səbəb olmasa da digər texniki işlərin görülməsini aylarla ləngitdi. Bu səbəbdən oxucularımızı intizarda qoysaq da onların diqqətini çəkəcək “könül işləri” ilə tərifi də, tənqidi də eşitməyə hazırıq.

Daxili işlər orqanlarının tarixində və taleyində iz buraxan hadisələrin, yeniliklərin kiçik bir xəbər və ya geniş bir məqalə həcmində şəkillənməsi üçün sevə-sevə vaxtımızı, zamanımızı həsr edib bu işdən zövq aldıq. Yaşananları tarixə çevirmək hünəri ilə dövlətə və xalqa canıyla-qanıyla xidmət edənlərin, Vətənimizin bütövlüyü və bölünməzliyi uğrunda şəhidlik zirvəsinə ucalanların adı unudulmasın deyə qələmə sarılıb, səf-səf sıralandıq.

Keçmişə də güzgü tutmağı unutmadıq. 1941-1945-ci illər müharibəsindən sonra ömrünü-gününü daxili işlər orqanlarına həsr edənləri, yaşı yüzü haqlayan veteranlarımızı yad edib onlara ölkə və DİN rəhbərliyi tərəfindən unudulmadıqlarını bir daha xatırlatdıq...
Həmkarlarımızın yaradıcılığına da bu sayımızda geniş yer verdik. Jurnalın səhifələrinin sayının çox olmasına can atmadıq, diqqətimizi çəkən mövzuların üzərində “can yandırdıq” ki, oxuyanda qəlbiniz rahatlıq tapıb, qürur hissi duyasınız.

Əziz həmkarlarımız, “Mübariz keşikdə” də, “Asayişin keşiyində”, də sizin tribunanızdır. Yazın ki, yazaq ki, səsimiz eşidilsin, çünki “Yazılan söz yadigardır”...

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər