Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

04.09.2020

Gənc hüquqşünasların köməkçisi...

Polis və vəkil. Bu peşə sahibləri zahirən bir-birinə əks cəbhədə yer alsalar da, əslində, hər ikisi qanun təmsilçiləri, hüquq müdafiəçiləridirlər. Onlar qanunun aliliyinin, insanların konstitusion hüquqlarının, habelə ədalətin bərqərar olmasının keşiyində dururlar.
Bu iki sahədən söhbət açmağımın əsas səbəbi onların gənc hüquqşünasların üzləşdikləri bəzi çətinliklərə yardımçı olmaq məqsədilə müştərək hazırladıqları “Gənc hüquqşünasın stolüstü kitabı”dır. Sözügedən vəsaitin tərtibçilərindən biri də Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini, polis mayoru Elnur Aslanovdur. O, 27 sentyabr 1983-cü ildə Füzuli rayonunda doğulub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. AMEA-nın doktorantıdır.
Həmkarımız iki kitabın (dərslik və monoqrafiya), polis haqqında qanunvericiliyə və İNTERPOL-un qaydalarına dair iki test toplusunun, altı tədris proqramının və qırxdan çox məqalənin müəllifidir.
“Gənc hüquqşünasın stolüstü kitabı” hakimlər, prokurorlar, vəkillər, vəkilliyə və hakimliyə namizədlər, gənc hüquqşünaslar, o cümlədən geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulub.
Kitab barədə paqondaşımız bunları dedi:
“Ali təhsil ocaqlarında nəzəri bilikləri öyrənən hüquqşünas tələbələrin təhsilini başa vurub praktiki fəaliyyətə başlayarkən müəyyən çətinliklərlə qarşılaşdığını nəzərə alıb “Gənc hüquqşünasın stolüstü kitabı”nı hazırladıq. Bu nəşr məhz praktikada onların ən yaxın köməkçisi olacaq. Məsələn, gənc hüquqşünas mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət müəssisələri barədə kitabdan informasiya əldə etməklə, icraatında olan konkret məsələ barədə müraciət ünvanlamalı olduğu qurum haqqında daha dəqiq məlumatı öncədən əldə etmiş olur. Kitabda, həmçinin, milli, beynəlxalq və Avropa hüquq sistemləri barədə qısa informasiya, ölkəmizin üzv olduğu əsas universal və regional beynəlxalq təşkilatlar, o cümlədən əməkdaşlığımızın əsas aspektləri haqqında ətraflı məlumat yer alıb. Bundan başqa, dövlət hakimiyyətinin qollarının (icraedici, qanunvericilik və məhkəmə) mahiyyəti, funksiya, vəzifə və yurisdiksiyaları, habelə vəkillik institutu əksini tapıb.
Ümidvarıq ki, bu kitab gənc hüquqşünaslarımızın praktiki vərdişlərinin inkişafında, daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq və çəkilən zəhmət qısa zaman çərçivəsində əməli fəaliyyətdə öz bəhrəsini verəcək.”

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər