Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

28.09.2020

CAR vətəndaşı polisə təşəkkür etdi

Cənubi Afrika Respublikasının vətəndaşı Nizamuddin İsmail Daxili İşlər Nazirliyinin rəsmi "İnstagram" səhifəsinə 16 sentyabr saat 18:03-də ünvanladığı müraciətdə qarşılaşdığı problemdən narahatlığını bildirərək, özünün və ailəsinin təhlükə ilə üz-üzə qaldığını qeyd edirdi: “Salam, mən və ailəm sizdən kömək istəyirik. Bizim problemimiz var. Burada heç kimi tanımırıq, ümidimiz sizədir.”

Son dərəcə həyəcan və təşviş içində yazılan bu müraciət DİN rəhbərliyinin göstərişi ilə dərhal araşdırıldı və əcnəbi vətəndaşla əlaqə saxlanıldı. Onun yaşadığı ünvan Nəsimi RPİ-nin əməkdaşları tərəfindən dəqiqləşdirildi…
Ertəsi gün CAR vətəndaşından DİN-in rəsmi "İnstagram" səhifəsinə gələn məktubda minnətdarlıq və ən əsası Azərbaycan Polisinin fəaliyyətindən məmnunluq hissi ifadə olunurdu: “Salam, Azərbaycan Polisi! Mən şöbədən indi döndüm. Öncə deməliyəm ki, sizin polisləriniz çox yaxşı işləyirlər. Üzləşdiyim problemi operativ və obyektiv həll etməyinizə görə Allah sizin rəhbərliyinizi və əməkdaşlarınızı mükafatlandırsın. Dünyanın heç bir yerində belə gözəl polis görməmişəm. Sizi çay süfrəsinə dəvət edirəm. Yaşasın, Azərbaycan Polisi!”

DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə hər gün yüzlərlə müraciət ünvanlanır. Çalışırıq ki, vətəndaşlarımızı, ölkəmizə təşrif buyuranları maraqlandıran hər bir sualı vaxtında və dəqiq cavablandıraq. CAR vətəndaşının bu müraciətinə gəlincə, Azərbaycan Polisi öz vəzifə borcunu yerinə yetirib. Hər hansı ayrı-seçkilik etmədən, öz missiyasına sadiq qalaraq ölkəmizdə qonaq olan əcnəbiyə vaxtında və keyfiyyətli xidmət göstərib.
Yeri gəlmişkən, həmkarlarımız N.İsmailin qonağı olublar. Məlum olub ki, o da öz ölkəsində daxili işlər orqanlarında xidmət edir, polis əməkdaşıdır.
Nizamuddin İsmail: "Səmimi deyim ki, sizin "İnstagram" səhifənizə müraciət edəndə belə çevik reaksiya gözləmirdim. Bu, məni yaxşı mənada təəccübləndirdi. Ailəmlə birgə Avropa və Cənubi Amerika dövlətlərində çox olmuşam, amma Azərbaycan Polisi qədər gülərüz, səmimi və ədalətli asayiş keşikçiləri görməmişəm. Qarşılaşdığımız problemə görə qızım Məryəm çox qorxmuşdu. Mən isə nə edəcəyimi bilmirdim, yaşadığım binada qonşularla məsləhətləşdim. Onlar mənə "polis azerbaycan" "İnstagram" səhifənizə yazmağımı tövsiyə etdilər. Heç beş dəqiqə keçmədi ki, cavab gəldi"...

Nurlan Əliyev,
polis leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər