Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

02.10.2020

Bu, Vətən müharibəsidir!

Bu gün hər birimizin ürəyi cəbhə ilə döyünür. Qələbə soraqlı xəbərlər gözləyirik Azərbaycan Əsgərindən. Hər kəsin dilində bircə söz var: Biz, qalib gələcəyik! Bu inamın, bu arzunun artıq bir qərinə yaşının tamam olmasına az qaldığı dönəmdə düşmənin yeni torpaqlar tutmaq üçün hücum cəhdi bıçağın sümüyü də kəsməsi demək idi.

Torpaq namusdur, torpaq qeyrətdir. Əldən getdimi, onun üstündə gəzmək sənə haramdır. Biz bu utanc hissi ilə heç vaxt yaşaya, bu işğalla qiyamətə qədər barışa bilməzdik.
Hərgah düşmənə açıq-gizli şəkildə kömək edənlər, ATƏT deyilən nəsnə bu qisası qiyamətə qədər saxlamaqdan ötrü “Münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır”,-deyib başımızın altına yastıq qoyurdular. Düşmən isə bundan daha da ruhlanır, dinc əhalini belə atəşə tutmaqdan çəkinmirdi. Ermənistana havadarlıq edənlər bu illər ərzində faciələrimizi görməmək üçün gözlərini yumub, günahsız körpə Fidanlarımızın qanını tökən bombaların səsini eşitməmək üçün qulaqlarını bağlamışdılar. Bizim səsimizi onlar eşitmirdilər...

2016-cı ilin aprelində haqq müharibəmizi yarımçıq dayandırdılar. Çünki varlığı təhlükə altında qalan Ermənistan idi. Tovuz hadisələrinə isə onların münasibəti belə oldu: “Biz tərəfləri sülhə, danışıqlar masasına dəvət edirik”. Yenə də beynəlxalq səviyyədə haylara təpinib “Ay murdar, bura Azərbaycan sərhəddidir”,-deyən olmadı.
Bir neçə gün bundan öncə başlayan erməni təxribatı səbrimizi elə daşırdı ki, bütün “olmazlara”, yalnız bizim əl-qolumuzu bağlamağa hesablanmış “hüquq normalarına” qurşun sıxıb torpaqlarımızın bütövlüyünü təmin etmək, illərdir ki, o yurdlara həsrət qalan həmvətənlərimizin Vətənsizlik yanğısına son qoymaq üçün Ali Baş Komandanın əmri ilə arzularımızı gerçəkləşdirməkdən ötrü sıralandıq.
Bu, Vətən müharibəsidir. Bu müharibə Çanaqqala savaşının davamıdır Qarabağda. Düşmən əsgərindən fərqli olaraq, Azərbaycan Əsgəri nəyin uğrunda vuruşduğunu yaxşı bilir. Onun qarış-qarış azad etdiyi torpağın sevincini ondan başqa kimsə duya bilməz. Torpağını azad etmək dünyanın ən böyük xoşbəxtliyidir...

Ali Baş Komandanın “Düşmən əsgərinin Qarabağda nə işi var? sualı bu gün Ermənistan rəhbərliyinə, erməni xalqına çox baha başa gəldi. İşğal etdiyi Azərbaycan torpaqlarında keçilməz sədlər qurmağı ilə öyünən Ohanyanlar, Tonayanlar və onların əsgərləri başlarına hər an düşə biləcək bombanın qorxusundan indi gizləndikləri yerdən çıxa bilmirlər.
Əslində, biz ildırımsürətli əks hücumla Qafqazın ən güclü, qorxmaz ordusuna sahib olduğumuzu isbatlayaraq düşmənə deyil, həm də onu dəstəkləyənlərə ömür boyu utanc hissi ilə xatırlayacaqları tarixi bir dərs veririk.
Düşmən böyük dövlətlərə müharibəni dayandırmaq üçün mesaj göndərir, göz yaşı töküb yalvarır. Ox yaydan çıxdısa, o bir daha dönməz. Bu gün kimsə bizə cürət edib “dayanın” deyə bilməz, çünki bu, bizim haqqımızdır. Çünki bu şəhid oğlunu qarşılayarkən: “Vətənin çörəyi sənə halal olsun, oğlum. Səni anan qarşılayır. Canın bu Vətənə halal olsun. Sənə ömrüm halal olsun”,- deyən ŞƏHİD anasının haqqıdır. İllərdir ki, əlimizdən alınan HAQQIMIZI bundan sonra nə kimsəyə verərik, nə də kimsəyə yedirtmərik.
Yaxşı bilirik ki, tökülən qanları, alınan canları, ömrü yarım qalmış ərənlərimizi danışıqlar masası geri qaytarmaz.

Bu, Vətən müharibəsidir. Bu gün hər birimiz AZƏRBAYCAN ƏSGƏRİYİK. Və bu arada dostumuzun, düşmənimizin də kim olduğunu bildik.
Qarabağ təkcə Azərbaycanın deyil, Qarabağ Türk dünyasınındır. Azərbaycana atılan bir güllə, bir mərmi, əslində, həm də Türk dünyasına atılır. Biz qanı, canı bizdən olanların silahla, əsgərlə köməyimizə gəlməsini deyil, yalnız bizimlə həmrəy olduqlarını dünyada duyurmalarını eşitmək istəyirik.

O müqəddəs günə az qalıb. Döyüş meydanında Azərbaycan əsgəri tək deyil, bu gün Azərbaycan xalqı 7-dən 77-yə əsgərdir. Və bu otuz il ərzində şəhid olan hər bir Azərbaycan övladı da düşmən üzərinə hücuma keçən Vətən oğullarının sırasındadır.
Qələbə sənin olacaq Vətən, Qələbə xəbərini Şuşaya sancdığın bayraqla bizə sən verəcəksən, AZƏRBAYCAN ƏSGƏRİ!
P.S. Ordumuzun azad etdiyi kəndlərin sakinlərinə bundan sonra məcburi köçkün deməyək. Çünki onlar çox yaxın zamanda, lap günü sabah yurdlarına qayıdacaqlar...

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər