Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

08.10.2020

Qarabağ qan ağla(yır)mır

Döyüşlər davam edir. Müzəffər Azərbaycan Ordusu bizi illərlə həsrətində olduğumuz böyük Qələbəyə doğru addım-addım yaxınlaşdırır. Bəli, məhz böyük Qələbəyə doğru. Bu böyük Qələbənin ilk işartıları artıq göz önündədir. İgid oğullarımız Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü, həm də ən ali dəyərlərdən olan ədalət uğrunda savaşırlar.


Cənab İlham Əliyev bəyan etmişdi ki, Ermənistan ordusu Azərbaycan torpaqlarından qeyd-şərtsiz, tam və dərhal çıxmalıdır. Yalnız bu halda döyüşlər dayanacaq, qan tökülməyəcək, bölgəyə sülh gələcək. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.
Unutmayaq, düşmən hiyləgərdi. Erməni həmin ermənidi.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun qardaşı, xalq qəhrəmanı Sultan bəyin başçılıq etdiyi könüllülər, partizan dəstələri Zəngəzurun yuxarı hissəsini odlara qalayan, dinc əhalini məhv edən general Andronik Ozanyanın seçmə qoşun hissələrini Laçının Zabux dərəsində mühasirəyə alıb qırmış, strateji əhəmiyyətli yüksəklikləri azad edərək möhkəmlənmişdi.

Sonra nə oldu? Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Zəngəzur qəzasına göndərdiyi qoşunların rəhbərliyindəki erməni əsilli xəyanətkar zabitlər Baş qərargahda hazırlanmış planı – “Zəngəzur əməliyyatı”nı 200 min rubla ermənilərə sataraq qazanılmış qələbələri heçə endirmiş, qoşunu acı məğlubiyyətə uğratmışdı.
Bu azmış kimi, həmin məğlubiyyətdən sonra Zəngəzur qəzasının aşağı hissəsində-Qafan bölgəsinə bağlı olan Oxçu kəndində tariximizin ən faciəli günlərindən biri yaşanmışdı. Qaniçən erməni başçılarından biri kimi məşhur olan Hamazasp 240 silahlı quldurla kəndi mühasirəyə aldırmış, uşaqdan-böyüyə hamını son nəfərədək öldürtmüşdü. Vəhşiliyin dərəcəsinə baxın ki, bu qaniçən erməni hətta bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan ağsaqqalların, din xadimlərinin əl-ayaqlarını bağlatdıraraq erməni zabitlərinin ayaqları altında başlarını kəsdirmişdi.
Bunların hamısı, yuxarıda qeyd etdiyim kimi, ötən əsrin əvvəllərində baş vermiş hadisələrdi. Əsrin sonlarında isə...

Ermənilərin paytaxt Bakıda törətdikləri terror aktı... Sumqayıt hadisələri... 1991-ci ildə içərisində ali rəhbərlərin olduğu vertolyotun Xocavənd rayonunun Qarakənd səmasında vurulması... Xocalı vəhşiliyi... Yox, danışmayaq Xocalı soyqırımından. İndi az qala bağçaya gedən uşaqlar da məlumatlıdırlar bu barədə. Mən hələ dünya ictimaiyyətini demirəm. Ardınca Qarabağımızın incisi, başımızın tacı olan Şuşanın işğalı... Doğulub-böyüdüyüm, igidlər diyarı Laçının məkrli düşmənin murdar caynağına keçməsi... Zəngilanın, Qubadlının, Cəbrayılın, Füzulinin, Ağdamın, Kəlbəcərin itirilməsi...
Təbii ki, biz o müqəddəs torpaqlarımızı murdar ermənilərə bağışlamamışdıq. Döyüşə-döyüşə çıxmışdıq yurd yerlərimizdən. Təkcə mənim böyüdüyüm Laçının Alxaslı kəndindən biri dayım oğlu Qasım olmaqla 21-24 yaş arasında olan 9 həmkəndlim son damla qanlarınadək vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. Laçın polisinin 42 əməkdaşı torpaqlarımız uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşdu.

Acımızın, nisgilimizin yaşı bir qərinəni haqlasa da bir an belə unutmadıq müqəddəs yurd yerlərimizi, qanı torpaq olan Vətən oğullarını.
Təqdim etdiyim bu fotoşəkil də elə paqon yoldaşımız, Ağdamın “Fərrux dağı”nda erməni snayperi tərəfindən xaincəsinə vurulmuş Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Elşad Hüseynovun xatirə gecəsində çəkilmişdir. Yeri gəlmişkən, müqəddəs yurd yerlərimiz uğrunda savaşlarda şanlı Azərbaycan Polisinin, onun ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunların 1000 nəfərə yaxın əməkdaşı, hərbi qulluqçusu şəhid olmuşdur...
27 sentyabrdan başlayan əks-hücum Azərbaycan xalqının, Azərbaycan Dövlətinin, rəşadətli Ordumuzun, qətiyyətli və cəsarətli Ali Baş Komandanımızın güc, qüvvət və hərbi-siyasi iradəsinin göstəricisidir. Bu gün Xalq – Ali Baş Komandan və Ordu birliyi var. Bu birlik artıq öz sözünü deməkdədir. Bu gün Qan Bankının qarşısında könüllü olaraq qan vermək istəyən, səfərbərlik idarələrinin qarşısında könüllü olaraq döyüşlərə qatılmaq istəyən minlərlə vətənpərvər var.

Bir neçə gün öncə cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətini, “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibəni dinlədik, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramındakı çıxışına qulaq asdıq. Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş bu verilişdə Prezidentimizin suallara verdiyi cavablar hər bir azərbaycanlı kimi mənim də qəlbimi fəxarət və qürur hissi ilə doldurdu. Qəribədir ki, bu proqramın əsas redaktorları milliyətcə ermənilərdir. Çox güman ki, onlar da Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun bu müsahibəyə verdiyi dəyərləndirmədən sonra cır səsli, fikri dağınıq erməni Paşinyan kimi rəzil günə düşdülər. Baş redaktorun verdiyi qiymətləndirmə həqiqətin çoxmilyonluq rusdilli auditoriyaya çatdırılması baxımından da bənzərsiz effekt verdi: “Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün və ardıcıl çıxış etdi. Bu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbidir. Bu məktəb doğrudan da böyük kadrlar yetişdirir. Prezident Əliyev haqlıdır...”

Qarabağımız indi qan ağlamır. Əksinə, qollarını geniş açıb məcburi köçkün düşmüş yüz minlərlə sakinini qucaqlamağa, bağrına basmağa hazırlaşır. Biz qürur və sevinc içərisində yaşamağa layiqik. Biz, ölkə rəhbərimizin təbirincə desək, təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.
Eşq olsun, şanlı Azərbaycan Ordusuna!

Keçdi əks-hücuma şanlı ordumuz,
Qələbə gözləyir doğma yurdumuz,
Gedirik irəli, gəlir ardımız,
Düşmənin dilinin ucunda vida,
Qarabağ bizimdir, bizim və nida!
Yox olmuş yox olub yoxa çıxacaq,
Bayrağım yeriyib dağa çıxacaq,
Laçına çıxacaq, Tuğa çıxacaq,
Həsrətdən güc aldıq, sevgidən qida,
Qarabağ bizimdir, bizim və nida!
Ey dağım, ey daşım, bizə səngər ol!
Ey dostum, qardaşım, zabit, əsgər ol!
Canını dişində tutub Əjdər Ol,
Əsgər marşı ilə yeriyir o da...
Qarabağ bizimdir, bizim və nida!

Rahib Qarayev,
Şəxsi Heyətlə İş İdarəsinin rəisi,
polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər