Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

28.04.2018

70-in sevinci və kədəri…

Adını veteranlarla bağlı keçirilən tədbirlərin birində eşitdim. “Köhnə rəislərdəndir”,- dedilər. Düzü, soyadı daha çox diqqətimi çəkdi: “Şahkərəmov”. Sonradan onu tanıyanlardan, bilənlərdən soraqlaşdım. Bu dəfə “köhnə kişilərdəndir” cavabını eşitdim. Telefon nömrəsini tapdım. Görəsən, yaxın vaxtlarda onunla mətbuat nümayəndələrindən kimsə hal-əhval tutubmu, haqqında nəsə yazıblarmı?

Elə bu fikirlərlə də zəng vurdum...
- Salaməleyküm.
- Əleykümsalam.
- Ağaisa müəllimi olarmı?
- Buyurun, eşidirəm.
- Cənab polkovnik, elə bilirdiniz ki, təqaüdə çıxdıqdan sonra sizi arayıb-axtarmayacağıq? Onu bilin ki, dünən olduğu kimi, bu gündə bizim hər birimizin sizin kimi dəyərli insanlara ehtiyacı var. Üstəlik, siz “Mübariz keşikdə”nin köhnə dostlarındansınız.
Hiss etdim ki, bir anlıq da olsa ötən illər gözündən işıq sürəti ilə gəlib keçdi.
- Ay bala, qadasın aldığım, sağ olsunlar, axtaran da var, itirən də…
Onun sonuncu kəlmələrində bir kövrəklik hiss etdim. Lap Hüseyn Arif demiş:

Axtar babaları, axtar Hüseyn,
Bir gün də nəvələr axtarar səni…

Qapını özü açdı. Diqqətimi həyətdə cərgə ilə əkilmiş ağaclar çəkdi. Sanki çiçəkdən ağappaq gəlinlik geyinmişdilər. “Özüm əkmişəm bu ağacları”,- dedi.
Onu hamı tanımasa da yaşıdları, dadına çatdıqları, məsləhət verdikləri, elə işlədiyi rayonların sakinləri yaxşı tanıyırlar. Adının da, xidmətinin də sambalını qoruyan adamdı təqaüddə olan polis polkovniki Ağaisa Şahkərəmov.

Əliqabarlı Hətəm kişinin ailəsində 1948-ci il aprelin 7-də Hacıqabulda dünyaya göz açıb. Ailədə on uşaq olublar. Atası yazı-pozu bilməsə də çalışıb ki, övladlarına savad versin. Gələcəyin polkovniki qoyun-quzu otarsa da, kəndin hər çətinliyini görsə də, kitab əlindən düşməyib. Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Pedoqoji İnstitutunun Tarix fakultəsinə verib. Lakin qəbul olunmayıb, hərbi xidmətə gedib. Təxris olunduqdan sonra bir el ağsaqqalının məsləhətilə sənədlərini Əli Bayramlı Şəhər Daxili İşlər Şöbəsinə təqdim edib. Beləcə, xidmətdə ilk qədəmlərini atıb. Oxumaq, təhsil almaq, gələcək hədəflərinə çatmaq üçün 1971-ci ildə sənədlərini N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə verib. Məktəbi əla qiymətlərlə başa vurub. 1975-ci ildə ali hüquq təhsli almaq üçün Rostova yola düşüb…
Bu yerdə maraqlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Aradan uzun illər keçsə də yaddaşının köməyinə gəlməsi məni valeh etdi. O, Rostovda oxuyarkən dostu ilə kirayədə qaldığı evin ünvanını çox rahatca dedi: “Rostov, Budyonovski 2, mənzil 5”...

Təhsilini başa vurub yenə doğma şəhərə qayıdıb. Bir neçə il müxtəlif xidmətlərdə işləyib. Sonra Salyanda, Neftçalada, Biləsuvarda, Lənkəranda, Şəmkirdə əməliyyat işləri üzrə rəis müavini olub. 1995-ci ildə Biləsuvara rəis təyin olunub. Sonra Masallıda, Ağsuda rəis kimi xidmət edib. 2004-cü ildə təqaüdə çıxıb. Təcrübəsinə, peşəkarlığına bələd olan DİN rəhbərliyi Polis Akademiyasında dərs demək üçün onu yenidən sıralarımıza qaytarıb. Düz iki il burada “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasında gənc polislərlə təcrübəsini bölüşüb. Binəqədi Rayon İcra hakimiyyətində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də çalışıb...
Mənə elə gəldi ki, onun səsi həmişə belə kövrək olub. O, əsl ruh adamıdır. Ömür yoluna nəzər salanda Şahmar Əkbərzadənin bu misraları gözlərimin önündən keçir:

Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr, qorxma, əzizim,
Şəninə əskiklik gətirməyəcək...

Oğul-qız, nəvə sahibidir. Polisdən xoş bir söz eşidəndə ürəyi uçunur. Deyir ki, bu gün ölkə və DİN rəhbərliyinin diqqət və qayğısını xidmətdə və təqaüddə olan hər bir polis kimi o da öz üzərində hiss edir. Bu diqqət, bu qayğı ömrün ağrılı-acılı günlərini az da olsa unutdurur.
Xüdahafizləşəndə isə bunları dedi: “Şərəfli, qüsursuz xidmət edib, sağ-salamat təqaüdə çıxıb, çəkdiyiniz zəhmətin bəhrəsini görəsiniz”…
Bizim isə ona deməyə sözümüz budur:

Heç əlinə alma əsa,
Yetmişində batma yasa.
Kim ki, yüz il yaşamasa,
Təqsir onun özündədir…





Çap et  Çap et