Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

04.07.2018

Əsrə bərabər polis ömrü...

Bu gün Azərbaycan vətəndaşı öz polisini sevir, ona güvənir və inanır. Polis də öz növbəsində, ictimai asayişin qorunması, hər bir vətəndaşın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayanır, xalqımızın bir parçası olduğunu ürəkdən hiss edir, onun sevgisinə, ehtiramına layiq olmağa çalışır.

Daxili işlər orqanları üçün yüksək peşə hazırlığına malik ixtisaslı kadrların hazırlanmasında təhsil müəssisələrimizin əvəzsiz rolu var. Polisin uğurlu fəaliyyətinin təməli həm də düzgün təşkil edilmiş təhsil sistemindən çox asılıdır. Bu gün Polis Akademiyasının təhsil səviyyəsi maddi-texniki bazası və elmi potensialı müasir tələblərə tam cavab verir. Fəxrlə demək olar ki, respublikanın ali təhsil müəssisələri arasında DİN-in Polis Akademiyası öz keyfiyyətinə görə xüsusi ilə fərqlənir və ən qabaqcıl tədris ocaqlarından biridir.

Bu gün təkmilləşdirilmiş tədris-metodiki, elmi və maddi-texniki bazaya malik olan Polis Akademiyası nəinki respublikamızın, habelə xarici ölkələrin eyni profilli təhsil müəssisələri içərisində özünəməxsus yer tutur. Hazırda Akademiyada müasir təhsil texnologiyaları əsasında ali təhsilin hər üç səviyyəsi- bakalavriatura, magistratura və doktorantura , əlavə təhsil proqramı üzrə isə ixtisaslaşdırma kadrların yenidən hazırlanması, təkrar ali təhsil üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Polis Akademiyasında elmi-tədqiqat fəaliyyəti sahəsində də uğurlu naliyyətlər əldə olunub. Bu gün Akademiyada iki hüquq elmləri doktoru, bir professor, on səkkiz fələfə doktoru, üç əməkdar müəllim, on bir dosent fəaliyyət göstərir, üç əməkdaş doktorluq dissertasiyası, on iki nəfər isə namizədlik dissertasiyası üzərində çalışır.

Son zamanlar ölkəmizə gələn xarici vətəndaşların sayının artması, həmçinin beynəlxalq səviyyəli kütləvi tədbirlərin keçirilməsi Akademiyada təhsil alan müdavimlərin xidmətə hazır olmasını, xarici dilləri bilməsini tələb edir. Bu məqsədlə bütün tədris kurslarında əlavə müəllimlər cəlb olunmaqla ingilis dilindən fakultətiv dərslər keçirilir.
Həmkarlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlıqlarının artırılması ilə yanaşı, onların sağlamlıqları da daim ölkə və DİN rəhbərliyinin diqqət mərkəzindədir. Məhz ötən illər ərzində bu istiqamətdə də mühüm addımlar atılmış, sözün əsl mənasında, böyük bir inkişaf yolu keçmiş DİN-in hospitalı ən müasir tələblərə cavab verən bir şəkildə yenidən qurularaq asayiş keşikçilərinin ixtiyarına verilmişdir.

Ötən müddət ərzində hospitalda tibb xidmətinin müasir səviyyədə təşkili üçün mövcud imkanlardan geniş istifadə olunub, maddi-texniki baza daha da zənginləşib, yeni şöbələr açılıb, beynəlxalq standartlara cavab verən ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Hazırda 320 çarpayı fondu olan hospitalda 20 şöbə, 2 mərkəz, 2 bölmə və ayrı-ayrı yardımcı xidmət sahələri fəaliyyət göstərir. Bu gün öz peşə borcunu layiqincə yerinə yetirən həkimlərin arasında 2-si tibb elmləri doktoru, 11-i tibb üzrə fəlsəfə doktoru, 2 doktorant, 5 dissertant, 20-dən artıq ali dərəcəli həkim, 25-ə yaxın ali dərəcəli tibb bacısı vardır. Hospitalın 4 həkimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb. Əməkdaşların bir qismi ayrı-ayrı Avropa ölkələrində, eləcə də Türkiyədə və Rusiyada təcrübə kursu keçərək öz ixtisaslarını artırıblar.

Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 1 və 2 saylı poliklinikaların yüksək səviyyəli maddi-texniki bazası və peşəkar tibb personalı ilə polis əməkdaşlarının, veteranların, onların ailə üzvlərinin, o cümlədən hər bir vətəndaşın sağlamlığının keşiyində müsəlləh əsgər kimi ayıq-sayıq dayanır. Poliklinikalarımızda çalışan fədakar insanların da məqsədi polisə və onların ailə üzvlərinə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək şəkildə tibbi xidmətin göstərilməsi və xəstəliklərin vaxtında aşkar edilməsidir. Və deyək ki, Azərbaycan Polisinin 100 yaşınadək belə gənc və sağlam qalmasının bir səbəbi də onlardır- ağ xalatlı xilaskarlarımız.

Aytən Tahirova,
polis leytenantı





Çap et  Çap et