Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

03.06.2019

Qapını açın, oğru gəlib...

Üst-başının tozunu çırpa-çırpa vanna otağına keçdi. Yuyunub çıxanadək yeməyi masanın üstündəydi. Bərk yorulduğunu bəhanə edib düz-əməlli bir şey yemədi. Ayaqüstü yarım fincan çay içib birbaş yataq otağına keçdi.

Kamranın bu hərəkəti evdəkiləri təəccübləndirsə də, heç kim ondan nə baş verdiyini soruşmadı. Artıq səs-küy olmasın deyə, digər ev əhli də yavaş-yavaş hərə öz otağına çəkildi. Təkcə ana nəsə baş verəcəyini gözləyirmiş kimi, oturduğu qoltuqdan tərpənmirdi. Birdən darvaza bərk-bərk döyülməyə başladı. Qadın ağır-ağır yerindən qalxıb könülsüz eyvana çıxdı:

-Kimsən, ay bala?

-Axşamın xeyir, Şərəfnisə xala, mənəm, Seyidvəlidi...

-Bu vaxt xeyir ola, ay oğul.

-Narahat olma, xeyirdi. Kamran evdədi?

Qadın cavab verməyə macal tapmamış içəridən Kamranın səsi gəldi:

-Gözlə, gəlirəm.

Sanki vaxtsız gələn qonağı bayaqdan gözləyirmiş kimi, Kamran tez-tələsik özünü həyətə atdı. Seyidvəli onun qolundan tutub bir kənara çəkdi. Nə danışdılarsa, Kamran hamının eşidəcəyi səslə: “ Rəhmətliyin oğlu, gecənin bu vaxtı məndə o qədər pul nə gəzir,” -dedi.

-Ay bala, nə olub, yenə nəyi bölüşə bilmirsiz?

-Heç, Seyidvəli bazara mal aparır, deyir ki, ucuz qoyun düşüb. Tərslikdən məndə də pul yoxdu.

Olanlardan xəbərsiz qadın: “İkisini al”,-dedi:“Nəvələrim şəhərdən gələndə kəsərik”. Sonra da təqaüdündən yığıb saxladığı 200 manatı Seyidvəlidvəliyə verdi...

Ramin Şıxəliyev maşının işıqlarını söndürüb gündüzdən nişanladıqları evə tərəf sürdü. Bir az aralıda düşüb tövlənin hasarına yaxınlaşdılar. İkisi sıçrayıb həyətə keçdi və ehmalca tövlənin qapısını açdılar. Sonra da əl fənarının işığında beş qoyunu tövlədən çıxarıb digərlərinə qatdılar...

Saatlı rayon sakini Şivəxan Məmmədov mal-qarasının oğurlandığından bir də səhər xəbər tutdu. Dərhal Rayon Polis Şöbəsinə yollandı.

Fakt barədə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyevə məlumat verildi. Yaradılmış əməliyyat-istintaq qrupuna rəhbərlik əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Fuad Məmmədova həvalə olundu.

Rayon ərazisində az vaxtda dalbadal törədilən bir neçə mal-qara oğurluğu narahatçılıq yaratmaya bilməzdi. Odur ki, növbəti rəisyanı müşavirədə hər şey lap başdan ətraflı müzakirə olundu, yeni tapşırıqlar verildi.

Bütün oğurluqların təxminən eyni vaxtda, eyni üsulla törədilməsi, hər dəfə də hadisə baş verən ərazidə “Tofaş” markalı avtomobilin görünməsi əməliyyatçıların diqqətindən yayınmadı. Düzgün və vaxtında aparılmış əməliyyat-istintaq tədbirləri tezliklə bəhrəsini verdi.

İlk olaraq, avtomobilin sahibi müəyyənləşdirdi. Əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayan, “Danabaş Ramin” ləqəbi ilə tanınan R. Şıxəliyev polisə dəvət olundu. İsrarla:“Artıq bu işlərin başını buraxmışam, mənlik deyil”,-desə də sübutlar və dəlillər qarşısında əməllərini etiraf etməli oldu.

Dəstənin digər üzvləri-Elnur Əliyev, Kamran Zeynalov, Seyidvəli İbrahimov da yaxalanaraq istintaqa təhvil verildilər. Aparılmış sonrakı tədbirlər nəticəsində dəstənin Saatlıda 4, Sabirabadda 2, İmişlidə 1 oğurluq törətmələri müəyyən olundu.

O ki, qaldı Şərəfnisə xalanın 200 manatına, bu da bivec övladın vəbalına yazıldı...

Çingiz Şıxverdiyev,

polis polkovnik-leytenantı

 

 

 





Çap et  Çap et