Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Mübariz Keşikdə qəzeti

Rəsmi

03.10.2019

Yanan da biz, “yaman” da...

Bu gün informasiya amili insanların yaşam tərzinin bir hissəsinə çevrilib. Sosial şəbəkələrdən istifadə edənlər cəmiyyətdə ictimai maraq doğuran hadisələri, qarşılaşdıqları situasiyaları, bəziləri də öz yaşam tərzini telefonunun yaddaşına həkk edir, sonra həmin görüntüləri müxtəlif adamlarla bölüşürlər. Bu, hər kəsin şəxsi düşüncəsi, şəxsi işidir. Ancaq bir çox hallarda təəssüfedici məqamlarla rastlaşırsan.
Söhbət sosial şəbəkələrdə daxili işlər orqanlarının fədakar xidmətinə, adına, nüfuzuna xələl gətirmək istəyənlərdən, bilərəkdən sifarişlə yazılan rəylərdən, bildirilən fikirlərdən gedir.

Maraqlısı odur ki, xalqını, vətəndaşını hər cür qada-bəladan qoruyan polislərə qarşı bəzilərində bu aqressiya, bu neqativ fikirlər haradan qaynaqlanır? Axı, daxili işlər orqanlarının əməkdaşları gecə-gündüz, qışın soyuğunda, yayın istisində şirin yuxusuna haram qataraq bizləri, sizləri cinayətkarlardan, ümumilikdə bütün növ hüquqazidd əməllərdən qoruyur. Bəs, onda niyə..?
Görmüşük ki, ədalətli adamlar neqativ hallarla üzləşəndə də, xeyirxah, nəcib əməllər görəndə də fikir bildirərlər, dəyərli məsləhətlər verib hamını yaxşılığa səsləyərlər. Amma bu sifarişli “pionerlər” nə üçünsə yağışdan sonra çıxan zərərli “göbələk”lər kimi ara-sıra görünür, asayiş qoruyucularının ünvanına atmaca atıb suyu bulandırmağa, cəmiyyətdə polis haqqında mənfi fikir formalaşdırmağa çalışırlar. Deməli, hardasa, kiminsə quyruğunu tapdamışıq...

Kiçik bir araşdırma aparanda ortaya çıxan mənzərə acı gülüş doğurur. Bunlar, əsasən, cinayət törətmişlərin yaxınları, ya da qanunları pozub özünə haqq qazandırmaq istəyənlərdir. Hətta bunu bəzən həyasızcasına etməkdən belə çəkinmirlər.
Nə gizlədim, ən çox da rastlaşdığım hal məhz Gəncə hadisələri zamanı iki polis əməkdaşının qətlə yetirənlərin qohum-əqrabası, yaxınlarıdır. Bax, bu məqam həqiqətən düşündürücü, hətta utancvericidir.
Belədə yaxşı deyiblər ki, adımı sənə qoyum, səni də yana-yana...

Teymur Əlizadə,
polis kapitanı





Çap et  Çap et